Təhlükəsizlik Şurası

Təhlükəsizlik Şurası katibinin xidməti

“Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2019-cu il tarixli 829 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının fəaliyyətinin təşkilati və               analitik-informasiya təminatını həyata keçirən ali kateqoriyalı dövlət orqanıdır.

Təhlükəsizlik Şurası katibinin xidməti bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir.

Təhlükəsizlik Şurası katibinin xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Təhlükəsizlik Şurasının işinin və Təhlükəsizlik Şurası katibinin fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görür;
  • milli təhlükəsizliyin təmin edilməsi, dövlətin müdafiə qabiliyyəti, daxili və xarici təhlükəsizlik məsələlərinin araşdırılmasına, təhlilinə, müvafiq məlumat və təkliflərin hazırlanmasına yönəlmiş fəaliyyəti həyata keçirir;
  • ölkədə milli təhlükəsizliyin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn məsələlərin icrasını nəzarətdə saxlayır;
  • Azərbaycan Respublikasında milli təhlükəsizliyin vəziyyəti barədə elmi, informasiya və analitik xarakterli iş aparır.

Təhlükəsizlik Şurası katibinin xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

  • dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, habelə milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılması, aşkarlanması, qiymətləndirilməsi, qabaqlanması və qarşısının alınması ilə bağlı araşdırmalar, təhlillər aparır və müvafiq təkliflər hazırlayır;
  • milli təhlükəsizlik, o cümlədən xarici və daxili təhlükəsizlik və müdafiə məsələlərinə dair Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər üçün materialların hazırlanmasında iştirak edir;
  • milli təhlükəsizlik məsələlərinə dair Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının layihələrinin hazırlanmasında iştirak edir;
  • milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti barədə informasiya və analitik xarakterli materiallar hazırlayır;
  • Təhlükəsizlik Şurası katibinin tapşırığı ilə milli təhlükəsizliyin təmin edilməsi sahəsində elmi tədqiqatlar aparılmasının təşkili üzrə tədbirlər görür;
  • Azərbaycan Respublikasında milli təhlükəsizliyin vəziyyəti barədə Təhlükəsizlik Şurası katibinin illik məruzəsinin hazırlanmasını təmin edir;
  • Təhlükəsizlik Şurasının iclaslarının, habelə Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı görüş, müşavirə və digər tədbirlərin hazırlanmasını və keçirilməsini təmin edir;
  • dövlət və yerli özünüidarəetmə orqanlarından daxil olan məlumat və təklifləri nəzərdən keçirir, ümumiləşdirir və Təhlükəsizlik Şurasının katibinə təqdim olunması üçün hazırlayır;
  • Təhlükəsizlik Şurası katibinin əmr, sərəncam və göstərişlərini yerinə yetirir.

Təhlükəsizlik Şurası katibinin xidmətinin strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Təhlükəsizlik Şurası katibinin xidmətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabe olan Təhlükəsizlik Şurasının katibi rəhbərlik edir.