20.11.2020

MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin səkkizinci görüşü keçirilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHLÜKƏSİZLİK ŞURASI 
KATİBİNİN XİDMƏTİNDƏN

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 2020-ci il noyabrın 18-də Rusiya tərəfinin təşkilatçılığı ilə videokonfrans formatında keçirilən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin səkkizinci görüşündə iştirak edib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov tədbirdə çıxış edərək koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə Azərbaycan Respublikasında görülmüş işlər, o cümlədən bu sahədə ölkənin səhiyyə sistemi tərəfindən həyata keçirilmiş effektiv tədbirlər barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan ilk günlərdən başlayaraq koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qlobal həmrəylik nümayiş etdirmiş, Ümumdünya Səhiyyə Təşkilatına 10 miliyon dollar həcmində maliyyə vəsaiti ayırmış, 30-dan cox ölkəyə maddi və humanitar yardım göstərmişdir. Pandemiya dövründə ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində görülmüş tədbirlər barədə məlumat verərək ölkədə məşğulluğun təmin olunması və səhiyyə üçün dövlət tərəfindən 1,5 milyard dollar maliyyə vəsaitinin ayrıldığını, 5 milyon insanı əhatə edən sosial paketin reallaşdırıldığını bildirmişdir.    

Yoluxma hallarının sayında artım tempinin müşahidə olunduğunu qeyd edən R.Usubov cari il dekabr ayının 3-4-də pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün bütün dünya dövlətləri tərəfindən müsbət qarşılandığını vurğulamışdır.

Həmçinin, tədbir iştirakçıları əhalinin infeksion xəstəliklərdən qorunması məqsədilə ölkədə biotəhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən preventiv tədbirlər barədə məlumatlandırılmışdır.     

Çıxışını davam etdirən, R.Usubov Azərbaycanın rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi sahəsində fəaliyyəti, Avropa və Asiya arasında “Rəqəmsal İpək Yolunun” yaradılması məqsədilə Mərkəzi Asiya dövlətlərinin telekommunikasiya operatorları ilə əlaqələrin yaradılması üzrə yeni layihə barədə məlumat vermişdir. 

Eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud olan siyasi dialoq, ölkəmizin bu dövlətlər üçün Avropa məkanına etibarlı körpü rolunu oynaması qeyd olunmuşdur.

Əfqanıstanda sülhün və təhlükəsizliyin qorunmasının bütün region üçün vacib olduğunu vurğulayan R.Usubov Azərbaycanın həmin dövlətlə iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq həyata keçirməklə sabitliyin qorunması işinə daim öz töhfəsini verdiyini bildirdi. 

İnformasiya təhlükəsizliyi məsələsinə toxunan R.Usubov müvafiq sahədə zəruri qanunvericilik bazasının formalaşdırıldığını, bu istiqamətdə ölkəmizin milli təhlükəsizliyinə yönələn təhdidlər haqqında məlumat verdi.
O, işğal olunmuş ərazilərin azad olunması uğrunda həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycanın informasiya təcavüzünə məruz qaldığını, mövcud vəziyyəti düzgün anlamağa imkan verməyən yalan məlumatların müxtəlif xarici kütləvi informasiya vasitələri və internet saytlar vasitəsilə ictimaiyyətə catdırıldığını qeyd etdi. 

Sonda qlobal çağırış və müasir təhdidlərə qarşı mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyi vurğulandı. 

Görüşdə Rusiya, Belarus, Qazaxıstan, Moldova, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan təhlükəsizlik şuralarının katibləri, eləcə də MDB İcraiyyə Komitəsinin sədri və KTMT-nin Baş katibi də iştirak etmişlər.

Sosial mediada paylaş:  
Bütün xəbərlər