09.04.2021

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən

2021-ci il aprelin 9-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi barədə danışılıb. 

Vətən müharibəsinin ilk anlarından Türkiyənin rəhbərliyi və xalqı tərəfindən ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyin, Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin ədalətli həlli ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqeyin haqq işimizin Zəfərlə başa çatmasında həlledici rol oynadığı qeyd olunub. 

General-polkovnik Ramil Usubov Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının peşəkarlığının artırılmasında, birgə təlimlərin keçirilməsində, digər nailiyyətlərdə Türkiyə Silahlı Qüvvələrinin xidmətlərini  xüsusi vurğulayıb.
Təhlükəsizlik Şurasının katibi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə cənab Erkan Özorala minnətdarlığını bildirərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. 

Səmimi qəbula və xoş sözlərə görə təşəkkürünü ifadə edən səfir bundan sonrakı fəaliyyətində də iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.