23.12.2020

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətindən

Cari il dekabr ayının 21-də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Həmdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşmüşdür. Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun da iştirak etmişdir.

Görüş zamanı cənab Ramil Usubov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, vətəndaş cəmiyyəti quruculuğu, demokratikləşmə və insan hüquq və azadlıqlarının qorunması, daxili sabitliyin, xalq-iqtidar birliyinin davamlılığının təmini sahəsində görülmüş tədbirlərlə ölkəmizdə dövlət və ictimai təhlükəsizlik sahəsində milli maraqların təmin olunduğunu qeyd etmişdir.

Səmərəli islahatlar nəticəsində Azərbaycanın bölgənin əsas iqtisadi gücünə çevrilməsinin, Avropanın əsas enerji təminatçılarından biri olmasının, valyuta ehtiyatlarının davamlı artmasının ölkənin iqtisadi təhlükəsizliyi sahəsində milli maraqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. 
Sosial təhlükəsizlik məsələlərinə toxunan R.Usubov əhalinin güzəranının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görüldüyünü, effektiv sosial islahatlar həyata keçirildiyini, dünyada az rastlanan və ölkə vətəndaşlarının 70 faizindən çoxunu əhatə edən davamlı sosial dəstək paketlərinin reallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycanın balanslaşdırmadan tam müstəqil siyasətə keçməsini, bölgədə maraqları kəsişən dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatının yaradılmasını ölkəmizin xarici siyasətində prioritet təşkil etdiyini qeyd etmişdir. 
Hərbi təhlükəsizliyin təmini sahəsində görülən tədbirlərdən danışan R.Usubov müasir və peşəkar ordu quruculuğunun, ən yüksək və modern səviyyədə hərbi təchizatın təmin olunduğunu, müdafiə sənayesinin yaradıldığını və davamlı təkmilləşdirildiyini və bütün bunların Azərbaycan xalqının Vətən Müharibəsində əldə olunan hərbi zəfəri şərtləndirdiyini vurğulamışdır. 

Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən cənab R.Usubov qardaş ölkənin siyasi və mənəvi dəstəyinin 44 günlük Vətən Müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb, Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktuallıq kəsb edən məsələlər ilə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildirmişlər. Dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişlər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.