29.06.2021

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətindən

2021-ci il iyunun 28-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının sabiq daxili işlər naziri, Rəhbər Hərbçilər klubunun prezidenti, ordu generalı Anatoli Kulikovla görüş keçirmişdir.
Görüşdə ölkələrimiz arasındakı əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiyi, hər iki dövlətin başçıları - cənab İlham Əliyevin və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq strateji tərəfdaşlığın, ən müxtəlif sahələr üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyi məmnunluqla qeyd edilmiş, habelə ikitərəfli münasibətlərdə təhlükəsizlik fəaliyyətinin də mühüm əhəmiyyət kəsb edildiyi bildirilmişdir.
Dəvətə görə R.Usubova təşəkkürünü bildirən A.Kulikov Rusiya Federasiyasının Rəhbər Hərbçilər klubunun fəaliyyəti haqqında ətraflı məlumat verərək bu təsisatın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, yeni çağırış və təhdidlərə qarşı mübarizə sahəsində rolunu qeyd etmişdir.
Ordu generalı A.Kulikov 44 günlük Vətən Müharibəsinin yekununda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın Cənubi Qafqazın kompleks şəkildə inkişafı üçün imkanlar açdığını, iqtisadi əlaqələrin genişlənməsinin, nəqliyyat və kommunikasiyaların açılmasının, yeni infrastruktur marşrutlarının yaradılmasının region ölkələrinin maraqlarına cavab verdiyini bildirmişdir. 
44 günlük Vətən Müharibəsinə hərbi-texniki aspektdən yanaşan qonaq Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üzrə keçirilmiş hərbi əməliyyatların dünya hərb tarixinə nümunə ola biləcək yüksək peşəkarlıqla aparıldığını vurğulamışdır. 
Qonaq ölkəmizdə müxtəlif sahələrdə baş verən müsbət dəyişiklikləri, Bakı şəhərinin heyrətamiz şəkildə inkişafını xüsusi qeyd etmişdir. 
Səmimi və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
Həmin gün ordu generalı A.Kulikov Fəxri Xiyabana gələrək, Ulu Öndərin məzarını ziyarət edib, əziz xatirəsinə dərin ehtiramını bildirib.