19.11.2021

MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin doqquzuncu görüşü keçirilmişdir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 2021-ci il noyabrın 17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin doqquzuncu görüşündə iştirak edib.

Görüşdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında miqrasiya sahəsində əməkdaşlıq, biotexnologiyalar vasitəsilə təhlükəsizliyə qarşı təhdidlər, çevik humanitar yardım və müasir mərhələdə onun inkişaf perspektivləri sahəsində qarşılıqlı fəaliyyət, informasiya-kommunikasiya texnologiyalarının cinayət məqsədilə istifadə olunmasına qarşı mübarizə, həmçinin Əfqanıstan tərəfindən əmələ gələ biləcək təhdidlərlə bağlı məsələlər müzakirə olunub.

Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov müvafiq sahədə Azərbaycan Respublikasının müsbət təcrübəsi, o cümlədən aidiyyəti qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin səlahiyyətli qurumlarının səmərəli fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət katibi Aleksandr Volfoviçlə və Qazaxıstan Respublikası Prezidentinin köməkçisi – Təhlükəsizlik Şurasının katibi Aset İsekeşevlə ikitərəfli görüşlər keçirilmiş və həmin görüşlərdə təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.