14.03.2024

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibi Ramil Usubov Gürcüstanda rəsmi səfərdə olmuşdur

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov martın 12-13-də  Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi- daxili işlər naziri Vaxtanq Qomelaurinin  dəvətilə bu ölkədə rəsmi  səfərdə  olmuşdur.
Martın 12-də Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti  Tbilisinin  mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərimizin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad etmişdir.

Daha sonra nümayəndə heyətimizin üzvləri Tbilisidəki Qəhrəmanlıq  Meydanında Gürcüstanın ərazi bütövlüyü  uğrunda  həlak  olmuş  qəhrəmanların  abidəsini  ziyarət  etmişlər.
Həmin gün R. Usubovun Gürcüstanın  Milli  Təhlükəsizlik  Şurasını katibi -daxili işlər naziri V.Qomelauri ilə görüşü olmuşdur.
İşgüzar və səmimilik şəraitində keçən görüşdə iki ölkənin müvafiq  strukturları arasında səmərəli əməkdaşlığın vacibliyi vurğulanmış, əlaqələrin  gələcək  perspektivləri müzakirə  edilmişdir. Söhbət  zamanı  regionda baş  verən  hadisələrə və təhlükəsizlik sahəsində bir sıra digər aktual məsələlərə toxunulmuşdur.

Görüşün sonunda V.Qomelauri dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, qarşılıqlı faydalı  əməkdaşlığın inkişafına verdiyi töhfələrə  görə  azərbaycanlı  həmkarına  təşəkkür  etmiş,  bu  əlaqələrin  gələcəkdə  də müxtəlif  istiqamətlərdə  fəal  şəkildə davam  etdiriləcəyinə  və dərinləşəcəyinə   ümidvar   olduğunu   bildirmişdir.
Səfər çərçivəsində  R. Usubov bu  ölkənın müdafiə naziri  İrakli Çikovani  ilə  də  görüşmüşdür. Tərəflər Azərbaycanla Gürcüstan  arasında  müdafiə  sahəsində ikitərəfli əməkdaşlıq  məsələləri  barədə fikir  mübadiləsi  aparmış,  əlaqələrin  intensiv şəkildə davam  etdiriləcəyini bildirmiş, Azərbaycan - Türkiyə - Gürcüstan üçtərəfli  əməkdaşlıq   formatının da   əhəmiyyətinə  diqqət çəkmişlər.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil  Usubovun  rəhbərlik etdiyi nümayəndə  heyətini  martın 12-də  Gürcüstanın  Baş naziri  İrakli    Kobaxidze  qəbul etmişdir.
Görüşlərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak etmişdir.