Azərbaycan Respublikası Təhlükəsizlik Şurası

21.12.2021

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən

Cari il dekabrın 20-də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Qırğız Respublikası Təhlükəsizlik Şurasının sədr müavini Taalatbek Masadıkovla görüşmüşdür. 

Görüş zamanı dost və qardaş ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan cənab Ramil Usubov müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar, hüquqi və təhlükəsizlik sahəsində əlaqələrin dinamik surətdə inkişaf etdiyini məmnunluqla bildirmiş, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, vətəndaş cəmiyyəti quruculuğu, demokratikləşmə, insan hüquq və azadlıqlarının qorunması, daxili sabitliyin, xalq-iqtidar birliyinin davamlılığının təmini sahəsində görülmüş tədbirlərlə ölkəmizdə dövlət və ictimai təhlükəsizlik sahəsində milli maraqların təmin olunduğunu qeyd etmişdir.

Səmərəli islahatlar nəticəsində Azərbaycanın bölgənin əsas iqtisadi gücünə çevrilməsinin, Avropanın əsas enerji təminatçılarından biri olmasının, sənayenin güclənməsinin ölkənin iqtisadi təhlükəsizliyi sahəsində milli maraqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Hərbi təhlükəsizliyin təmini sahəsində görülən tədbirlərdən danışan R.Usubov müasir və peşəkar ordu quruculuğunun, ən yüksək və modern səviyyədə hərbi təchizatın təmin olunduğunu, müdafiə sənayesinin yaradıldığını və davamlı təkmilləşdirildiyini və bütün bunların Azərbaycan xalqının Vətən Müharibəsində əldə olunan hərbi zəfəri şərtləndirdiyini bildirmişdir.

Görüşdə son dövrdə Əfqanıstanda baş verən hadisələrə toxunulmuş, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artdığı bir vaxtda bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır. 
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Taalatbek Masadıkov  dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə aidiyyəti orqanlar arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir.
Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanaliyev də iştirak etmişdir.





Çap et  Çap et