30.05.2023

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən

2023-cü ilin 23-25 may tarixlərində Rusiya Federasiyasının Moskva vilayətində təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli təmsilçilərin XI Beynəlxalq görüşü keçirilmişdir. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirdə iştirak etmişdir.

Yüzdən çox ölkənin nümayəndə heyətinin qatıldığı, qlobal və regional təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş görüşdə bu gün dünyada baş verən hadisələr və çağırışlar fonunda qlobal və regional təhlükəsizliyin, strateji sabitliyin qorunması məqsədilə birgə səylərin, çoxtərəfli əməkdaşlığın artırılmasının vacibliyi vurğulanmışdir. Həmçinin, müasir beynəlxalq vəziyyətin əsas tendensiyaları, yeni imkanlar və təhdidlər, qlobal ərzaq təhlükəsizliyi sahəsində yaranan problemlər, eləcə də digər aktual mövzular ətrafında müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə həyata keçirilən enerji, nəqliyyat və digər beynəlxalq layihələrin bölgədə, eyni zamanda dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, sabitliyin möhkəmləndirilib etibarlı şəkildə qorunması işinə verdiyi töhfələrdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsləri ilə gerçəkləşən regional və transmilli qlobal layihələrdən, bu proseslərin bütün maraqlı tərəflərə fayda verməsi üçün birgə səylərin, biri-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasının vacibliyindən danışmışdır. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri tədbirdə çıxışı zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın guya bu gün Qarabağda yaşayan ermənilərin təzyiqə məruz qalmaları, hüquqlarının pozulması ilə bağlı səsləndirdiyi əsassız iddialara cavab olaraq bildirmişdir ki, əslində, uzun illər Ermənistan ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti aparmışdır, insan hüquqları bütün dünyanın gözü qarşısında kobud surətdə pozulan, ən adi bəşəri normalar heçə sayılaraq doğma torpağından qovulan, qaçqın və köçkünə çevrilən bir milyona yaxın məhz azərbaycanlılardır. 

Yalnız yenə də Azərbaycan Prezidentinin qüdrəti, qətiyyəti və  müdrikliyi, xalqımızın və ordumuzun sarsılmaz gücü ilə bu bəşəri ədalətsizliyə 44 günlük Vətən müharibəsindəki Zəfərlə son qoyulmuşdur. R.Usubov ölkəmizin Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri çərçivəsində normallaşmasında maraqlı olduğunu, qarşı tərəfi isə, nəhayət, tarixi saxtalaşdırmaq, çirkin təbliğatla beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərindən əl çəkərək bölgədə sülhün əldə edilməsi istiqamətində real addımlar atmağa çağırmışdır.

Tədbir çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə keçirilən ikitərəfli görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ətrafında danışıqlar aparılmış, bu yönümdə ikitərəfli qurumlararası məsləhətləşmələrin keçirilməsi praktikasının davam etdirilməsinin vacibliyi qeyd  edilmişdir.

Eyni zamanda, tədbir zamanı Türkiyə, Serbiya və Qambiya dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirilmiş, təhlükəsizliyin təmin olunması məsələləri üzrə qarşılıqlı maraq  doğuran  məsələlər  müzakirə edilmişdir.