29.04.2024

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli təmsilçilərin XII beynəlxalq görüşü keçirilmişdir

2024-cü ilin 23-25 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli təmsilçilərin XII Beynəlxalq konfransı keçirilmişdir. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirdə iştirak etmişdir.

Dünyanın 106 dövlətinin, 10 beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirak etdiyi, qlobal və regional təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən həmin görüşdə çoxqütblü dünya nizamının formalaşdırıldığı şəraitdə informasiya təhlükəsizliyinin təmini, həmçinin beynəlxalq sabitliyin ayrılmaz elementi kimi milli kimliyin və milli dəyərlərin qorunub saxlanılması, eləcə də digər aktual məsələlər ətrafında müzakirələr aparılmışdır. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov beynəlxalq terrorçuluğun yeni çağırış və təhdidlərinin artdığı müasir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir. 

Tədbir zamanı Türkiyə, Serbiya və Özbəkistan respublikalarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilmiş, təhlükəsizliyin təmin olunması məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin təhlükəsizlik şurası katiblərinin işgüzar görüşündə isə regional əməkdaşlığın perspektivləri müzakirə olunmuş, bu məqsədlə qarşılıqlı məsləhətləşmələrin daha intensiv keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.