Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətindən
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, Ramil Usubov 2021-ci il 13-14 oktyabr tarixlərində Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun dəvətilə Ankara şəhərində rəsmi səfərdə olmuşdur.
Səfərdə məqsəd 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq kəsb edən aktual məsələlərin müzakirəsi idi.
Cənab Seyfullah Hacımüftüoğlu ilə keçirilən ikitərəfli görüşdə Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusilə vurğulanmışdır.
General-polkovnik R.Usubov ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi əsasında qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkənin prezidentlərinin liderlikləri altında müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəldiyini, Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin qətiyyətli siyasi və mənəvi dəstəyinin, münaqişənin ədalətli həlli ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqeyinin xalqımızın haqq işinin Zəfərlə başa çatmasında çox mühüm rol oynadığını qeyd etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının peşəkarlığının artırılmasında, birgə təlimlərin keçirilməsində, digər nailiyyətlərdə Türkiyə Silahlı Qüvvələrinin xidmətləri xüsusi qeyd olunmuşdur.
2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılmışdır.
Səmimi və xoş sözlərə görə təşəkkürünü ifadə edən Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirmiş, bu səfərin də təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Tədbirdə ölkəmizin Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak etmişdir.
Səfər zamanı R.Usubovun Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirlə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə, Daxili İşlər Naziri Süleyman Soylu ilə görüşləri keçirilmişdir.
Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - “Anıtqəbri” ziyarət etmişdir. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun adından “Anıtqəbri” önünə əklil qoyulmuşdur. Sonra nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında olmuş, Ümummilli Liderin burada ucaldılan heykəli önünə əklil qoymuşdur.