13.05.2022

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən

2022-ci il 12 may tarixində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edirdi.

Görüş zamanı qonaqları səmimi salamlayan R.Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirdi.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparıldı. 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusilə vurğulandı.

Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkənin prezidentlərinin liderlikləri altında müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəldiyi qeyd edildi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi H.Hacıyev Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, 2022-ci il  6 aprel tarixli Brüssel görüşündə əldə edilən razılaşmaların icrası ilə bağlı məsələlər barədə məlumat verərək bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğuladı.

Səmimi və xoş sözlərə görə təşəkkürünü ifadə edən Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirmiş, bu səfərin də təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı iştirak etmişdir.

Görüşün sonunda “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti və Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi arasında Anlaşma Memorandumu” imzalandı. 

Bunda əlavə, S.Müftüoğlunun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə  də görüşləri keçirilmişdir.
Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı və Türk Əsgərinin məzarı ziyarət edildi.