Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən
2022-ci il iyul ayının 15-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak etmişlər.
Görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq münasibətləri barədə ətraflı məlumat verilmişdir. Söhbət zamanı Azərbaycanın bölgədə yerləşən dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində münasibətlərin davam etdirilməsinin ölkəmizin xarici siyasətində prioritet istiqamət olduğu qeyd edilmişdir.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün atılan addımlar, delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, kommunikasiya xətlərinin açılmasının vacibliyi barədə fikir mübadiləsi aparılmışdır.
2022-ci il iyunun 29-da Xəzəryanı dövlət başçılarının, habelə İqtisadi Əməkdaşlıq Təşkilatının 2021-ci il noyabrın 28-də Aşqabaddakı zirvə toplantıları zamanı ölkələrimizin rəhbərləri arasında keçirilən görüşlərdə əldə olunan razılaşmaların Azərbaycan-İran əməkdaşlığına böyük töhfə verəcəyi xüsusilə vurğulanmışdır.
Qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkə prezidentlərinin liderlikləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəldiyi qeyd edilmişdir.
Qonaq göstərilən diqqətə, Azərbaycanın və İranın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktuallıq kəsb edən məsələlərlə bağlı keçirilən müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. O, sabitliyə, ölkələrimizin milli təhlükəsizliyi və inkişafı üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul etmişdir.
Həmin gün İran İslam Respublikasının nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişdir.