MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin onuncu görüşü keçirilmişdir
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 2022-ci il noyabrın 3-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin onuncu görüşündə iştirak edib.
Müasir şəraitdə beynəlxalq təhlükəsizliyə təhdid və çağırışlar, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazilərində bəzi xarici ölkələrin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin destruktiv əməlləri, beynəlxalq terrorçu təşkilatların Əfqanıstan ərazisində fəaliyyəti nəticəsində formalaşan təhdidlərə qarşı mübarizə və MDB məkanında faşizmin qəhrəmanlaşdırılması və tarixin saxtalaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə o, aidiyyəti mövzular üzrə çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş keçirilib.
Görüşdə regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidməti ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Planı” imzalanıb..