12.10.2023

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cu il oktyabrın 10-11-də ölkəmizdə işgüzar səfərdə olub.

Səfərin ilk günü hər iki dövlətin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən ekspert məsləhətləşmələrində “Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik şuralarının aparatları arasında 2023- 2024-cü illərdə əməkdaşlıq Planı”na uyğun olaraq, qlobal və regional təhlükəsizlik sahəsində əməkdaşlığın aktual məsələləri, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı fəaliyyət və beynəlxalq informasiya təhlükəsizliyinin təmini barədə fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovla Nikolay Patruşev arasında görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da dərinləşdiyi, ikitərəfli münasibətlərdə təhlükəsizlik sahəsində fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.

İşgüzar şəraitdə keçən tədbirdə müasir çağırış və təhdidlərin qlobal xarakter aldığı indiki mürəkkəb dönəmdə Cənubi Qafqazda sabitliyin təmini, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, habelə informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması məqsədilə qarşılıqlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Rusiyalı qonaqlara bu ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən ölkəmizin Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin məqsədi və nəticələri barədə ətraflı məlumat verilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər aktual məsələlər də müzakirə olunub.

Tədbirin sonunda hər iki ölkənin təhlükəsizlik şuralarının katibləri tərəfindən 24 iyun 2022-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in müddəalarının həyata keçirilməsi üzrə tədbirlər planı təsdiq olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Rusiya Federasiyasının nümayəndə heyəti səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.