Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci toplantısı keçirilmişdir
2023-cü il oktyabrın 19-20-də Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin ikinci toplantısı keçirilmişdir. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak etmişdir.
Toplantıda terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alverinə qarşı mübarizə, rəqəmsal məkanın kiberhücumlardan müdafiəsinin təmin olunması, fövqəladə hallar zamanı qarşılıqlı birgə fəaliyyət məsələləri müzakirə olunmuşdur. Müzakirə və çıxışlarda qeyd olunan sahələr üzrə dövlətlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələrinin, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirak etdiyi tədbirdə müzakirə olunan mövzularla bağlı general-polkovnik Ramil Usubov cıxış etmişdir. Tədbir iştirakçılarının diqqətinə, həmçinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən ölkəmizin Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin məqsədi və nəticələri barədə ətraflı məlumat da çatdırılmışdır.
Tədbir çərçivəsində R.Usubovla Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov arasında ikitərəfli görüş keçirilmişdir.
Görüşdə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuş, 2023-cü il avqustun 22-də imzalanmış “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti ilə Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”un müddəalarından irəli gələn məsələlər barədə fikir mübadiləsi aparılmış, ikitərəfli qurumlararası məsləhətləşmələrin keçirilməsi praktikasının əhəmiyyəti vurğulanmışdır.