27.05.2024

Daşkənd şəhərində Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin xidməti ilə Özbəkistan Respublikası Prezidenti Yanında Təhlükəsizlik Şurasının Katibliyi arasında birinci məsləhətləşmələr keçirilmişdir

2024-cü il mayın 24-də Daşkənd şəhərində Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti ilə Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının Katibliyi arasında birinci məsləhətləşmələr keçirilmişdir.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak etmişdir.

2023-cü il 22 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol xəritəsi”nin müddəalarına uyğun olaraq, keçirilən bu tədbirdə hər iki ölkənin təhlükəsizlik şuraları aparatlarının, daxili işlər və müdafiə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətlərinin, eləcə də digər qurumların nümayəndələri iştirak edirdi.

Məsləhətləşmələrdə beynəlxalq terrorçuluq, dini ekstremizm, asayişin təmin olunması, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətlərlə mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi müzakirə olunmuş, bu istiqamətlər üzrə hər iki ölkənin səlahiyyətli orqanları arasında əlaqələrin intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı Azərbaycan və Özbəkistan prezidentləri cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin səyləri nəticəsində ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi xüsusilə qeyd edilmiş, onun yeni səviyyəyə yüksəlməsi üçün möhkəm zəmin yaradan qarşılıqlı faydalı razılaşmaların əldə edilməsindən məmnunluq ifadə olunmuşdur. 

İşgüzar şəraitdə keçən tədbirdə müasir çağırış və təhdidlərin qlobal xarakter aldığı indiki mürəkkəb vəziyyətdə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın aktual məsələləri və gələcək perspektivləri müzakirə edilmiş, qurumlararası məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, Milli Qvardiyasının və Daşkənd Şəhər Baş Daxili İşlər İdarəsinin situasiya mərkəzlərində olmuşdur.

Mayın 24-də Daşkənd şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərimizin abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.