Türkistan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin 3-cü toplantısı keçirilmişdir
2024-cü il sentyabrın 19-da Qazaxıstan Respublikasının Türkistan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 3-cü toplantısı keçirilmişdir. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak etmişdir.
Toplantıda dünyada, konkret olaraq Təşkilata üzv dövlətlərin yerləşdiyi regionda təhlükəsizliyin qorunması, terrorçuluq, separatizm, ekstremizm, silah və narkotik qaçaqmalçılığı, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, beynəlxalq informasiya və nəqliyyat təhlükəsizliyinin təmini sahələrində əməkdaşlıq, nəqliyyat-logistika infrastrukturunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılmış, həmin sahələr üzrə əlaqələrin əhəmiyyəti xüsusi vurğulanaraq, mövcud təhdidlərlə bağlı səmərəli məlumat mübadiləsinin, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir.
Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələrinin iştirak etdiyi tədbirdə müzakirə olunan mövzularla bağlı Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov cıxış etmişdir.
Müzakirə və çıxışlarda bu il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları tərəfindən Şuşa şəhərində imzalanmış Qarabağ Bəyannaməsinin müddəalarında əks olunan təhlükəsizlik məsələlərinin icrası istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılmış, müsbət faktorlardan biri kimi, Bəyannamədən irəli gələn vəzifələrin icrası çərçivəsində ölkələrimizin müdafiə nazirlikləri, xüsusi xidmət, daxili işlər, prokurorluq, ədliyyə, gömrük, miqrasiya və digər səlahiyyətli orqanları arasında birgə görüşlərin, konfransların və təlimlərin keçirilməsi praktikasının uğurla davam etdirilməsi vurğulanmışdır.
Bundan əlavə, kibertəhlükəsizlik sahəsində mövcud təhdidlərin qarşısının alınması və onların mümkün təsirlərinin azaldılması məqsədilə qarşılıqlı əlaqələrin gücləndirilməsi, kibertəhdidlərə dair səmərəli informasiya mübadiləsi üzrə vahid platformanın yaradılması istiqamətində işbirliyinin zəruriliyi diqqətə çatdırılmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov da iştirak etmişdir.