Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 2023-cü il noyabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on birinci görüşündə iştirak edib.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində beynəlxalq təhlükəsizliyə təhdid və çağırışlar, habelə hibrid təhdidlər şəraitində ictimai-siyasi sabitliyin təmin edilməsi, eyni zamanda, su ehtiyatlarının birgə idarə olunması, istifadəsi və mühafizəsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə o, aidiyyəti mövzular üzrə çıxış edib.
Çıxış zamanı tədbir iştirakçılarının diqqətinə, həmçinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən ölkəmizin Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin məqsədi və nəticələri barədə ətraflı məlumat da çatdırılıb.