Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov martın 12-13-də Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi- daxili işlər naziri Vaxtanq Qomelaurinin dəvətilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Martın 12-də Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərimizin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad etmişdir.
Daha sonra nümayəndə heyətimizin üzvləri Tbilisidəki Qəhrəmanlıq Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların abidəsini ziyarət etmişlər.
Həmin gün R. Usubovun Gürcüstanın Milli Təhlükəsizlik Şurasını katibi -daxili işlər naziri V.Qomelauri ilə görüşü olmuşdur.
İşgüzar və səmimilik şəraitində keçən görüşdə iki ölkənin müvafiq strukturları arasında səmərəli əməkdaşlığın vacibliyi vurğulanmış, əlaqələrin gələcək perspektivləri müzakirə edilmişdir. Söhbət zamanı regionda baş verən hadisələrə və təhlükəsizlik sahəsində bir sıra digər aktual məsələlərə toxunulmuşdur.
Görüşün sonunda V.Qomelauri dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə azərbaycanlı həmkarına təşəkkür etmiş, bu əlaqələrin gələcəkdə də müxtəlif istiqamətlərdə fəal şəkildə davam etdiriləcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfər çərçivəsində R. Usubov bu ölkənın müdafiə naziri İrakli Çikovani ilə də görüşmüşdür. Tərəflər Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparmış, əlaqələrin intensiv şəkildə davam etdiriləcəyini bildirmiş, Azərbaycan - Türkiyə - Gürcüstan üçtərəfli əməkdaşlıq formatının da əhəmiyyətinə diqqət çəkmişlər.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyətini martın 12-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze qəbul etmişdir.
Görüşlərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak etmişdir.