Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cu il avqustun 5-6-da Azərbaycan Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində, “Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik şuralarının aparatları arasında 2023-2024-cü illərdə əməkdaşlıq Planı”na uyğun olaraq hər iki dövlətin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən ekspert məsləhətləşmələrində Cənubi Qafqazda regional ölkələrin iştirakı ilə təhlükəsizliyin təmin olunması, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sahələrarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi, hərbi və hərbi-texniki əməkdaşlığın təkmilləşdirilməsi mövzuları, habelə təhlükəsizlik məsələləri ilə bağlı digər aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşdiyi, təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.
İşgüzar şəraitdə keçən tədbirdə müasir çağırış və təhdidlərin qlobal xarakter aldığı hazırki mürəkkəb dönəmdə Cənubi Qafqazda sabitliyin təmini məqsədilə qarşılıqlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər aktual məsələlər də müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Rusiya Federasiyasının nümayəndə heyəti səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.