Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 2024-cü il noyabrın 7-də Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on ikinci görüşündə iştirak etmişdir.
Görüşdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində İkinci Dünya müharibəsi haqqında tarixi yaddaşın qorunması və postsovet məkanında neonasizm təzahürləri ilə mübarizə, habelə ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunması, beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın istiqamətləri, Əfqanıstanla bağlı regional qarşılıqlı fəaliyyətin artırılması və humanitar minatəmizləmə sahəsində mütəxəssislərin hazırlanması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən R.Usubov qeyd olunan istiqamətlər üzrə Azərbaycan Respublikasının müsbət təcrübəsi, ölkəmizin müvafiq qurumlarının fəaliyyəti və qarşıda duran vəzifələrdən danışmışdır.
Eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar olunması, iqtisadi və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikası tərəfindən atılan addımlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.